MƏDƏNİYYƏT
Tanınmış şairin yaradıcılıq gecəsi keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
“Mivarid Dilbazi Məclisi”nin və Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvi, tanınmış şair Güləmail Muradın yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri “Mirvarid Dilbazi Məclisi”nin sədri şair Güllü Eldar Tomarlı açaraq G. Muradı təbrik edib, onun yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, Güləmail Murad “Sənli-sənsiz”, “Qarabağ harayı”, “Vətən sağ olsun!”, “Balaca müdrik”, “Sevgi dastanı”, “Dostluq körpüsü”, “Dağlarda şəhid səsi” və digər kitabların müəllifidir. Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Sözlərinə onlarla musiqi bəstələnib.
Tədbirdə filologiya elmləri üzrə fəlsəfə doktoru, şair Fəridə Ləman, şair-publisist Qəşəm Nəcəfzadə, tənqidçi-yazar Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanova, ustad aşıq Cahangir və başqaları çıxış edərək Güləmail Muradın yaradıcılığından söz açaraq ona təbriklərini çatdırıblar.
Tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirən Güləmail Murad yeni şeirlərini oxuyub.