ELM VƏ TƏHSİL
Tarix Muzeyində Mustafa Kamal Atatürkün tarixi fotoşəkilləri qorunur
Bakı, 29 oktyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün üzərində ürək sözlərini qeyd etdiyi tarixi fotoşəkil qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin elan olunması münasibətilə qeyd edilir.
Mustafa Kamal Atatürk bu gün dillər əzbəri olan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” - bəyanatını Azərbaycanın Türkiyədəki ilk diplomatı, dostu İbrahim Əbilov vasitəsilə bütün dünyaya bəyan edib. Mustafa Kamal Atatürk İbrahim Əbilovu Anadolu türklərindən ayırmayıb, ona dost, qardaş münasibəti bəsləyib.
Muzeyin Sənədli mənbələr fondunda Mustafa Kamal Atatürk tərəfindən “Azərbaycanın hörmətli səfirinə, qardaşım İbrahim Əbilova. 28 oktyabr 1921. Ankara” sözləri yazılmış tarixi fotoşəkil qorunur və bu avtoqraf yenilməz türk liderinin Azərbaycan diplomatına xüsusi ehtiramını aydın əks etdirir.
Bundan başqa, Atatürkün İbrahim Əbilovu ən etibarlı adamı kimi Türkiyə ordusunun böyük hücum hazırlıqları dövründə ön cəbhəyə dəvət etməsi, onu zabitlərlə görüşdürməsi, həmçinin onunla məsləhətləşməsi Mustafa Kamal Atatürk ilə Əbilov arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Muzeyin fondunda Azərbaycanın ilk diplomatlarından biri İbrahim Əbilovun fəaliyyəti ilə bağlı bir neçə sənəd və fotoşəkillər də qorunub saxlanılır. Muzey kolleksiyasında qorunan həmin materiallar arasında Əbilovun diplomatik sənədi, həyat yoldaşının öz əli ilə qələmə aldığı xatirələri dövrün tarixini araşdıranlar üçün əhəmiyyətlidir.