İQTİSADİYYAT
Tbilisidə keçirilən konfransda Azərbaycanda 4G texnologiyasının tətbiqi yüksək qiymətləndirilib
Tbilisi, 21 fevral, AZƏRTAC
Azərbaycanda 4G texnologiyasının tətbiqi yüksək qiymətləndirilib və qeyd olunub ki, bu, digər ölkələr üçün nümunədir.
AZƏRTAC xəbər verir ki, bu fikir fevralın 21-də Tbilisidə Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında “Tezlik resurslarının koordinasiyası” üzrə işçi qrupun 4-cü iclasında səsləndirilib.
İclasda Avropa və Asiya ölkələrində ənənəvi yayım sistemindəm rəqəmsal yayıma keçidlə bağlı görülən işlər, tətbiq olunan yeniliklər və mövcud problemlər geniş müzakirə olunub. Bildirilib ki, Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əldə olunmuş razılığa əsasən bəzi ölkələr artıq aşağı tezliklərdə rəqəmsal yayıma keçiblər. Lakin bəzi ölkələr hələ də bunu edə bilmirlər.
Konfransda Azərbaycanda rəqəmsal keçidlə bağlı görülən işlər, texnologiya sahəsində tətbiq olunan yeniliklər, xüsusən də 4G texnologiyasının tətbiqi məsələsi müzakirə olunub. Azərbaycanda 4G texnologiyasının tətbiqi yüksək qiymətləndirilib və qeyd olunub ki, bu, digər ölkələr üçün nümunədir.
Bildirilib ki, Azərbaycan sürətlə inkişaf edir və yeni texnologiyaların tətbiqi bu inkişafı daha da sürətləndirir.
Tədbirin təşkilatçısı və konfransın əsas aparıcısı Almaniyadan olan mütəxəssis Elmar Zilles jurnalistlərə müsahibəsində deyib ki, bu gün Azərbaycanda rəqəmsal bazar sürətlə inkişaf edir. Bir çox sahələr üzrə elektron məlumat bazaları yaradılıb. Azərbaycanda artıq 4G texnologiyasının tətbiqinə başlanılıb. Bu çox yaxşı haldır və biz bunu yüksək qiymətləndiririk.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi