MƏDƏNİYYƏT
Tədqiqatçı-alim Əsgər Əliyevin “Azərbaycan Fransa mətbuatında” kitabı çapdan çıxıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) on ildən çox Fransada xüsusi müxbiri kimi fəaliyyət göstərmiş, filologiya üzrə fəlsəfə doktoru Əsgər Əliyevin “Azərbaycan Fransa mətbuatında” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Ədəbi əlaqələrimizə əhəmiyyətli əlavə” adlı “Ön sözü” ilə açılır. Qeyd edilir ki, nəşrdə təqdim olunan yeni materiallar Azərbaycan siyasi mühacirətinin Avropa həyatının az öyrənilmiş səhifələrinin işıqlandırılması sahəsində irəliyə doğru atılmış mühüm addımdır. Təqdim olunan araşdırmalar indiyədək aparılmış tədqiqatların tamamlanması, yaxud zənginləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Kitabda yer alan “Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər”, “Fransız şərqşünası: Lüsyən Buva Azərbaycan ədəbiyyatı haqqında”, “Lüsyən Buva və Azərbaycan”, “Ceyhun Hacıbəylinin bir məqaləsi”, “Ceyhun Hacıbəylinin Azərbaycan sevdası”, “Ceyhun Hacıbəyli: İlk Müsəlman Respublikası” sərlövhəli məqalələr müəllifin Fransa arxivlərində və kitabxanalarında apardığı axtarışlar sayəsində əldə edilmiş nadir sənədlər və materiallar əsasında yazılıb. Müəllif Azərbaycanın istiqlal mücahidlərinin Fransa həyatına dair çoxsaylı faktları və məlumatları, əlyazmaları və mətbu materialları üzə çıxarıb, onları tərcümə edərək araşdırıb.
Əsgər Əliyev “Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər” məqaləsində Vətənimizin müstəqilliyi uğrunda mübarizə aparmış fədakar istiqlalçı Miryaqub Mehdiyevin həyat və fəaliyyətini geniş surətdə tədqiq edib.
Tanınmış fransız publisisti və tədqiqatçısı Lüsyən Buvanın Fransada məşhur olan “Müsəlman aləmi” jurnalındakı fəaliyyəti və onun Azərbaycana həsr edilmiş məqalələri alimin səyləri sayəsində ilk dəfə elmi dövriyyəyə daxil edilib. Məqalə fransız publisist ilə yaxından dostluq etmiş Məhəmməd ağa Şahtaxtlının həyat və fəaliyyətinin müəyyən səhifələrinə işıq salmaq baxımından da diqqət çəkir.
Kitabda Ceyhun Hacıbəylinin “Dağıstani” imzası ilə çap edilən “Qafqaz müsəlmanlarında təhsil” sərlövhəli məqaləsindən bəhs olunur. Məqaləni araşdıran müəllif bu qənaətə gəlir ki, yazının ruhu, üslubu, toxunulan məsələ və nəhayət, imza onun Ceyhun Hacıbəyli qələminin məhsulu olduğunu deməyə əsas verir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap edilmiş “Azərbaycan Fransa mətbuatında” kitabı iki ölkə arasında tarixi əlaqələrin öyrənilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.