REGİONLAR
Təhsil Nazirliyi Cəlilabad və Masallı rayonlarının ümumtəhsil məktəblərinə mediatur təşkil edib
Cəlilabad-Masallı, 4 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad və Masallı rayonlarının ümumtəhsil məktəblərinə mediatur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediaturun keçirilməsində məqsəd 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla builki tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaqdır.
Mediaturun iştirakçıları əvvəlcə Cəlilabad rayonunda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəbi üçün inşa edilmiş modul tipli məktəblə tanış olublar. Məlumat verilib ki, məktəb 6 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.
Qeyd olunub ki, ümumilikdə, Cəlilabad rayonunda 5 modul tipli məktəb binası istifadəyə verilib, 10 belə məktəb isə builki tədris ilində müəllim və şagirdlərin ixtiyarında olacaq.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasındadır. Bu məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.
Daha sonra media nümayəndələri Masallı şəhərindəki Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilində işə qəbul olunan müəllimlərlə görüşüblər.
Jurnalistlərə məlumat verilib ki, bu il müsabiqədən uğurla keçən 87 gənc müəllim rayonun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb. Həmin müəllimlərdən 6 nəfəri isə Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə çalışır.
Sonra media nümayəndələri Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbdə də gənc müəllimlərlə görüşüb, hər iki məktəbdə yüksək bal toplayan müəllimlərin dərs prosesini izləyiblər.
Qeyd edək ki, son illərdə müəllim peşəsinin nüfuzu getdikcə artmaqdadır. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım qeydə alınıb. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi halı çoxalıb. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.
2014-cü ildə ölkəmizdə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris illə müqayisədə 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.