ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir
Bakı, 15 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil nazirinin 2019-cu il 13 may tarixli əmri ilə “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı” təsdiq edilib. Həmin planda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur. Eyni zamanda, bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ verilməsi, həmin məlumatların qısa zamanda araşdırılması və təhlillər əsasında qabaqlayıcı tədbirlər görülməsi məqsədilə cari ilin may ayından 146-2 xüsusi (fövqəladə) hallar üçün yeni “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Bununla bağlı ölkənin bütün ümumi təhsil müəssisələrində məlumatlandırma xarakterli elan lövhələri yerləşdirilib.
Təhsil Nazirliyi valideynlərin, məktəb rəhbərlərinin, geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə #MənimləDanış sosial kampaniyasına start verir. Bununla bağlı hazırlanmış maarifləndirici sosial çarx təqdim edilir.