ELM VƏ TƏHSİL
“Tələbə rektor” Böyük Britaniyanın nümayəndə heyəti ilə görüşmüşdür VİDEO
Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) birgünlük “Tələbə rektor” layihəsi həyata keçirilmişdir.
ADİU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səsvermə yolu ilə seçilmiş kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edir.
Layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır.
Rektorla birgə iş gününə başlayan “tələbə rektor” əvvəlcədən tələbələrin təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək, konkret problemləri müəyyənləşdirmiş, onları sistemləşdirmişdir. Eyni zamanda, problemlərin həlli istiqamətində və universitetin inkişafı üzrə hazırladığı təklif və tövsiyələri rektora təqdim etmişdir.
Sonra rektorla “tələbə rektor” Böyük Britaniyanın nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Ayda bir dəfə həyata keçiriləcək “tələbə rektor” layihəsi Azərbaycanda ilk dəfə ADİU-da reallaşmışdır.