DÜNYA
Tereza Mey: London Aİ-dən çıxmağın müddətini uzatmayacaq
Bakı, 16 yanvar, AZƏRTAC
Böyük Britaniya Avropa İttifaqı haqqında Lissabon müqaviləsinin Birləşmiş Krallığın Aİ-dən çıxmasının reqlamentini və müddətlərini müəyyənləşdirən 50-ci maddəsinin martın 29-da başa çatan fəaliyyət müddətini uzatmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Krallığın Baş naziri Tereza Mey ölkə parlamentinin Brexitin şərtləri üzrə sazişi rədd etməsindən sonra İcmalar Palatasının sessiyası zamanı deputatların suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, sazişsiz Brexit ssenarisindən qaçmağın iki üsulu var. “Birincisi, sazişə nail olmaq, ikincisi - 50-ci maddəni ləğv etmək”, - deyən Baş nazir qeyd edib ki, Britaniya hökuməti ikinci varianta əl atmayacaq.
Xatırladaq ki, Britaniya parlamentinin icmalar palatası dünən keçirilən səsvermədə Brexitin şərtləri barədə Aİ ilə razılaşmanı qəbul etməyib. Tarixi səsvermə zamanı 432 parlamentari ötən ilin noyabrında London və Brüsselin qəbul etdiyi sazişin əleyhinə çıxıb. Tereza Meyin qəbul olunmasında təkid etdiyi saziş layihəsini yalnız 202 deputat dəstəkləyib. Bu, Böyük Britaniya Baş nazirinin son 95 ildə parlamentdə ən böyük məğlubiyyəti olub.