REGİONLAR


Tərtər və Ağcabədidə İcma Resurs Mərkəzləri istifadəyə verilib

Tərtər, 22 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtər və Ağcabədi rayonlarında İcma Resurs mərkəzlərinin açılış mərasimi keçirilib. Mərasimdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti və başqaları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra Tərtər və Ağcabədi Rayon İcra hakimiyyətlərinin başçıları qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat veriblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mərkəzlərin açılışı münasibətilə iştirakçıları təbrik edib. Sədr müavini bu gündən etibarən fəaliyyətə başlayacaq mərkəzlərin icma nümayəndələri, o cümlədən zərər çəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağına inamını ifadə edib.

BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. O, mərkəzlərin xüsusilə Tərtər və Ağcabədi rayonlarında açılmasının da zərər çəkmiş vətəndaşlara dəstək göstərilməsi və bərpa məqsədi daşıdığını bildirib.

Tədbirin davamında layihə koordinatoru Fəridə Əmirova qısa təqdimatla çıxış edib.

Çıxışlardan sonra Tərtər və Ağcabədi sakinləri, eyni zamanda, qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, diskussiya aparılıb.

Tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, “Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İcma Resurs mərkəzləri zərər çəkmiş icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək etmək, o cümlədən əsas diqqəti qadın, uşaq və əlilliyi olan şəxslərə yönəltməklə zərər çəkmiş vətəndaşlara biznes məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsi məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.