REGİONLAR
Tərtərdə mal-qaranın cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsullarının istehsalı artır
Tərtər, 13 iyul, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin iyulun 1-i vəziyyətinə rayon üzrə 27,5 min baş iribuynuzlu mal-qara, 60,4 min baş qoyun və keçi olub. 2018-ci ilin birinci yarısında rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 1916 ton diri çəkidə ət, 12 min 684 ton süd, 7520 min ədəd yumurta, 111 ton yun istehsal edilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 8,2 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Son illərdə rayona lizinq yolu ilə 332 baş cins mal gətirilib. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir. Cari ilin altı ayı ərzində 877 baş inək və düyə süni yolla mayalandırılıb, 438 baş sağlam cins buzov doğulub. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.