İDMAN


“Tokio-2020” Yay Olimpiya Oyunlarının baş tutması böyük idmanın qayıdışı kimi xarakterizə olunacaq

Bakı, 16 fevral, AZƏRTAC

“Tokio-2020” Yay Olimpiya Oyunlarının baş tutması böyük idmanın qayıdışı kimi xarakterizə olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi “Tokio-2020” Yay Olimpiya Oyunları ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırarkən deyib.

“Biz elə bir dövrdə yaşayırıq ki, sabah nə olacağı bəlli deyil. Pandemiya adi insanlarla yanaşı, idmançılar üçün də gözlənilməz oldu. Bəziləri formasının zirvəsində olmasına baxmayaraq, uzun müddət məşq etmədi və formadan düşdü. Təəssüf ki, bəziləri hətta karyerasını bitirmək nöqtəsinə gəlib çatdı. Əlbəttə, mən Olimpiya Oyunlarının keçirilməsini çox arzulayıram. Əminəm ki, Yaponiya hökuməti bunun üçün əlində olan bütün imkanları səfərbər edəcək”, - deyə R.Paqnozzi vurğulayıb.

AOK rəsmisi deyib: “Yay Olimpiya Oyunları hətta azarkeşsiz olsa belə, baş tutsa yenə də çox yaxşı olar. Olimpiya Oyunlarının keçirilməsi, böyük idmanın qayıdışı kimi də xarakterizə olunacaq. Bizim üçün Yay Olimpiya Oyunları ilə yanaşı, Qış Olimpiya Oyunları da çox vacibdir. Amma indi Avropada vəziyyət fərqlidir. Bəzi ölkələr pandemiyadan daha çox, digərləri isə daha az təsirə məruz qalıb”.

AOK-un idmançılara kömək etmək üçün var gücü ilə çalışdığını deyən R.Paqnozzi federasiya rəsmiləri ilə daim təmasda olduqlarını diqqətə çatdırıb: “Bilirsiniz, bir il ərzində idmançılar çox şey itiriblər. Hələ ötən il zirvədə olanlar, indi həmin zirvədən o qədər uzaqdırlar ki... AOK-a daxil olan 50-yə yaxın ölkə var. Əlbəttə, bəziləri daha az, digərləri daha çox təsirləniblər. Düşünürəm ki, hamı kimi avropalılara da çətin olacaq. Ola bilər ki, sıralama alışdığımız kimi olmayacaq. Bir çox komanda pandemiya səbəbindən həmişəki formasında deyil. Amma yarışda onsuz da hamı əlindən gələni etməyə çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.