DÜNYA
Tokio assambleyasına seçkilərdə ekzitpolun nəticələri açıqlanıb
Tokio, 4 iyul, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) və onun koalisiya tərəfdaşı olan Komey-to partiyasından olan namizədlər paytaxt assambleyasına seçkilərdə yerlərin 50 faizdən çoxunu qazanıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 4-də seçki məntəqələri bağlandıqdan sonra NHK telekanalının yaydığı ekzitpolun nəticələrinə əsasən bildirilir.
Bununla yanaşı, paytaxt qubernatoru Koike Yurikonun məsləhətçisi olduğu “Prefektura sakinləri hər şeydən üstündür” partiyasının LDP ilə assambleyada ən güclü siyasi qüvvə rolu uğrunda mübarizə apardığı da qeyd edilir.
Dərc edilən proqnozlara görə, LDP assambleyada 25-dən 43-dək, Komey-to partiyası 16-dan 23-dək yer qazana bilər. “Prefektura sakinləri hər şeydən üstündür” partiyasının nümayəndələri isə 20-dən 35-dək yer götürə bilərlər.
Beləliklə, Tokio qubernatoru tərəfindən 2017-ci ildə yaradılan və hazırda onun tərəfindən dəstəklənən partiya mövqelərinin əksəriyyətini itirəcək. Seçkilərə qədər bu partiyadan olan deputatlar assambleyada 46 yerə malik idilər. Bu isə LDP-nin sahib olduğu yerlərdən təqribən iki dəfə çox idi.
Xəbər verdiyimiz kimi, seçkilərdə 271 namizəd 127 yer uğrunda mübarizə aparıb. Bu, 1989-cu ildən bəri ən yüksək göstəricidir. Mütəxəssislərin rəyinə görə, bu seçkilərin nəticələri parlamentin aşağı palatasına yaxın aylarda keçirilməsi planlaşdırılan seçkilərin baş məşqi olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio