Bəhreyn qəzetində Ulu Öndərə həsr olunmuş məqalə dərc edilib
Bakı, 13 may, AZƏRTAC
Nüfuzlu “The Daily Tribune – News of Bahrain” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayevin müəllifi olduğu məqalədə Azərbaycanda və xarici ölkələrdə bütün azərbaycanlıların Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü geniş şəkildə qeyd etdiyi diqqətə çatdırılıb, dahi siyasətçinin həyatı və zəngin siyasi fəaliyyətindən bəhs olunub.
Müəllif qeyd edib ki, dünyanın ən görkəmli siyasi xadimlərindən biri olan Heydər Əliyevin çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırıb, onu regionun ən mühüm dövlətinə çevirib. Eyni zamanda, dahi liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş transmilli enerji və kommunikasiya layihələri sayəsində ölkəmizin iqtisadi qüdrəti artıb. Bu gün Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqın həmrəyliyi və milli ideya ətrafında birləşməsi Ulu Öndərin adı ilə bağlıdır. “Heydər Əliyev Vətənə sadiq bir insan olub, öz xalqı ilə birlikdə bütün çətinlikləri dəf edərək Azərbaycanı nüfuzlu, davamlı inkişaf edən bir dövlətə çevirib. Onun müdrik rəhbərliyi ilə ölkə taleyüklü problemləri aşa bilib, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayıb”, -deyə yazıda vurğulanıb.
Məqalədə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək 44 günlük Vətən müharibəsində öz gücü ilə torpaqlarını işğaldan azad edib, daha sonra keçirilən antiterror tədbirləri sayəsində Qarabağın bütün ərazisi separatçılardan təmizlənib. Bu, Heydər Əliyevin əsasını qoyduğu iqtisadi tərəqqi, diplomatiya sahəsində uğurlar və Azərbaycan Ordusunun qüdrətinin artırılması sayəsində mümkün olub.