SİYASƏT
Torpaqlarımızın keşiyində duran, düşmənin canına üşütmə salan bir Ordumuz və bu Ordunun Müzəffər Ali Baş Komandanı var
Bakı, 25 iyun, AZƏRTAC
26 iyun - Azərbaycanın Silahlı Qüvvələr Günüdür. Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra xalqımız tarixi varislik ənənəsinə sadiq qalaraq öz üçrəngli bayrağını, himnini və Azərbaycan Demokratik Cümhuriyyətinin bizə miras qoyduğu bütün yaxşı nə varsa, hamısını bərpa etdi və bu ənənəyə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilməyə başladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir, bunu sonuncu Vətən müharibəsinin nəticələri sübut etdi.
Bu fikirlər Milli Məclisin deputatı Ülviyyə Ağayevanın Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi yazısında yer alıb.
“Bütün tariximiz kimi, ordu quruculuğu tariximizdə də dolanbac, keşməkeşli yollar çoxdur. Azərbaycan Milli Ordusunun yaradılmasına 1918-ci il 26 iyun tarixli fərmanla başlanmışdı. Ancaq təəssüf ki, o dövrdə bu şanlı tarix uzun müddət davam edə bilməmiş və gənc respublika və onun bütün qurumları, o cümlədən Milli Ordumuz da bolşeviklər hakimiyyətinin qurbanı olmuşdu. Ordumuzun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələnmişdi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmiş, çar dövründən fərqli olaraq, azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, əsasən, tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd isə aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan vermək Rusiya imperiyasının varisi olan Sovet İttifaqının da maraqlarına xidmət etmirdi. Bu siyasətə müqavimət göstərən isə yenə də ümummilli liderimiz oldu. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Müdrik şəxsiyyətin bu uzaqgörən siyasəti öz bəhrəsini illər sonra verdi: bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdilər. Bundan sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilmiş və ordumuz inkişaf və təkmilləşmə mərhələsinə çatmışdır. Azərbaycan Silahlı qüvvələrinin milli kadrlardan ibarət ordusu, nəhayət, 30 ilə yaxın düşmən işğalı altında qalmış torpaqlarımızı müasir dünyanı şok halına salmış hərbi taktika və səriştə ilə, bir də, təbii ki, igid oğulların hünəri ilə geri qaytara bildi”, - deyə yazıda qeyd edilib.
Deputat əlavə edərək yazıb: “Əvvəlki illərdə keçirilən hərbi paradlarımızda Ordumuzun gücündən doğan qürur hissi ilə yanaşı, qəlbimizdə nisgilli bir sual baş qaldırırdı: Bəs nə vaxt? O gün gələcəkmi? Hər bir kəs öz-özündən soruşurdu: görəsən, mən o günü görəcəyəmmi?!
Bəli, həmin gün gəldi və biz Ali Baş Komandanımızın rəhbərliyi ilə və Silahlı Qüvvələrimizdə döyüşən igid oğullarımızın sayəsində həmin günü gördük.
Bu gün biz Silahlı Qüvvələrimizin yaradılması gününü - qalib Ordumuzun gününü qeyd edirik. Fəxr edirik ki, torpaqlarımızın keşiyində duran, düşmənin canına üşütmə salan bir Ordumuz və bu Ordunun Müzəffər Ali Baş Komandanı var! Bayramımız - Silahlı Qüvvələr günümüz mübarək!”