“Masallı folkloru örnəkləri” kitabının III cildinin təqdimatı keçirilib
Bakı, 31 may, AZƏRTAC
Masallı rayon Gənclər evində “Masallı folkloru örnəkləri” kitabının III cildinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri, mədəniyyət işçiləri, yazarlar, müəllimlər, gənclər, habelə Bakıdan gəlmiş ziyalılar iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı önəmli tarixi hadisələrdən, o cümlədən Xalq Cümhuriyyətinin elan olunmasının, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının məhz bu aya təsadüf etməsindən söz açaraq, folklora, ədəbiyyata, ümumilikdə mədəniyyət və sənətə dövlət qayğısından danışıb.
Vurğulayıb ki, xalq yaradıcılığının sosial-mədəni və ictimai-mənəvi aspektlərinin öyrənilməsi folklorşünaslıq elminin qarşısında duran problemlərdəndir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və tanınmış folklorşünas alim, professor Füzuli Bayat, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova tədbirin əhəmiyyətindən, eləcə də kitabın mahiyyətindən söz açıblar.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu xanım Bağırova rəhbəri olduğu birliyin mədəniyyət sahəsində layihələrindən söz açıb, çoxsaylı nəşrlərlə çıxış etdiyini bildirib.
Heydər Əliyevin adı ilə sıx bağlı olan mənəvi quruculuq dönəmini şərh edən Arzu Bağırova deyib ki, alimlərimizin bu mövzuya biganə qalmadığını vurğulayıb, müvafiq kitabların nəşr edildiyini xatırladıb.
O, “Masallı folkloru örnəkləri” çoxcildliyini də bu baxımdan uğurlu nəşr kimi şərh edib.
İctimai Birliyin sədri Masallı Rayon İcra Hakimiyyətinə, AMEA Folklor İnstitutuna, sözügedən kitabda əməyi keçən hər kəsə, xüsusən də müəlliflərə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində yerli folklor qrupu çıxış edib.