FIFA İnfantino ilə bağlı iddialara cavab verib
Bakı, 9 avqust, AZƏRTAC
FIFA son vaxtlar ali futbol qurumunun prezidenti Canni İnfantino barədə səsləndirilən iddialarla bağlı bəyanat yayıb.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda iddiaların funksionerin nüfuzuna xələl gətirmək üçün qəsdən ortaya atıldığı bildirilib.
"Getdikcə daha aydın olur ki, bəziləri tərəfindən FIFA-nın və onun prezidentinin nüfuzuna xələl gətirmək üçün birgə və davamlı cəhdlər var. FIFA üzvlərinin dəstəyini ala bilməyənlər ittihamlar, eyhamlar və ya dezinformasiya yolu ilə nələrsə əldə etməyə çalışmamalıdırlar. Son hesabatlarda FIFA və onun prezidenti ilə bağlı əsassız iddialar və açıq şəkildə yalan ifadələr yer alıb. Fərziyyələr və eyhamlar fakt kimi təqdim edilməməlidir və nəyisə təkrarlamaq ittihamı təsdiqləmir” – deyə bəyanatda vurğulanıb.
Əlavə edilib ki, FIFA prezidenti peşəkar həyatının 30 ildən çoxunu Avropa və dünya futboluna həsr edib, oyunda əhəmiyyətli dəyişikliklərə səbəb olub və xüsusən də qlobal futbolda çıxışı, resursları və imkanları genişləndirib: “Dəyişiklik qaçılmazdır və mövcud maraqlara meydan oxuyur. Lakin bu dəyişikliklərlə razılaşmamaq FIFA prezidentinin və ya onun rəhbərlik etdiyi təşkilatın demokratik mandatını pozmaq cəhdlərini əsaslandıra bilməz".
Daha əvvəl “The Telegraph” qəzeti İnfantinonun UEFA-nın baş katibi vəzifəsində çalışarkən sevgi münasibətində olduğu bir xanım əməkdaşa 6 rəqəmli kompensasiya ödədiyini yazıb.
Qeyd edək ki, Canni İnfantino 2009-cu ildən 2016-cı ilə qədər UEFA-nın baş katibi postunu tutub. Daha sonra isə FIFA prezidenti seçilib. FIFA prezidentliyinə növbəti seçkilər 2027-ci ilin mart ayında keçiriləcək.