Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub
Vaşinqton, 8 avqust, AZƏRTAC
Hesab edirəm ki, ötən bir il münasibətlərdə böyük irəliləyişlərin yaşandığı bir dövr olub. Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə keçirilən görüşləri də daxil olmaqla, hazırda proses müsbət istiqamətdə inkişaf etməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Saratoqa Fondunun prezidenti Qlen Hovard ötən il avqustun 8-də Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşünün ildönümü ilə bağlı deyib. O, sonradan baş vermiş ən əlamətdar hadisələrdən biri kimi ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vensin Bakıya səfərini qeyd edib.
“ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla yaxınlaşdığı aydın görünür. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) Cənubi Qafqazda iqtisadi əməkdaşlıq baxımından Amerikanın mövcudluğunu möhkəmləndirəcək və Xəzər regionunun Türkiyə ilə iqtisadi bağlantılarının daha da genişlənməsində böyük rol oynayacaq. Əlbəttə, hazırda İranla bağlı müharibə gedir. Amma ola bilsin ki, bu müharibə tezliklə başa çatsın və normallaşma prosesi başlasın. Belə olan halda regiondakı bütün ölkələr genişlənən iqtisadi bağlantılardan faydalanacaqlar”,- deyə ekspert əlavə edib.
O deyib ki, münasibətlər növbəti dövrdə də inkişaf etməyə davam edəcək.
“Bütün bunlar Azərbaycana iqtisadi baxımdan yalnız fayda gətirəcək. Regiondan keçəcək tranzit marşrutları Bakıya fayda verəcək. Bakı da bu prosesin asanlaşdırılmasına kömək edir. Ümumilikdə Azərbaycanın regionla münasibətləri indiyədək heç vaxt olmadığı qədər yaxşı səviyyədədir. Məhz buna görə Azərbaycan Cənubi Qafqazda yüksələn gücdür. Bu, bütövlükdə regional münasibətlər baxımından çox mühüm əhəmiyyət daşıyır. ABŞ də Azərbaycanla münasibətlərini davamlı olaraq dərinləşdirir. Münasibətlərin qarşısında dayanan maneələrin bir çoxu aradan qaldırılıb. 907-ci düzəlişlə bağlı məhdudiyyətlərin tətbiqi də dayandırılıb. Ümid edirəm ki, gələcəkdə bu düzəlişin tamamilə və daimi olaraq aradan qaldırıldığını görəcəyik. Beləliklə, son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası, həqiqətən də diqqətəlayiq olub. Mən bu münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini düşünürəm”,- deyə ekspert vurğulayıb.