Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir
Ankara, 9 avqust, AZƏRTAC
2025-ci il avqustun 8-i Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən görüşünün nəticələri, Birgə Bəyannamənin qəbul edilməsi və “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin razılaşdırılmış mətninin paraflanması uzun illər davam edən ziddiyyətlərin həllində siyasi iradənin nümayişi oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mustafa Kamal Hatay Universitetinin beynəlxalq münasibətlər kafedrasının müəllimi, dosent Nəzrin Əlizadə səsləndirib.
Ekspert Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi təmaslarını yüksək qiymətləndirib: “Vaşinqton görüşünün birinci ildönümündə Prezident İlham Əliyev ilə Baş nazir Nikol Paşinyan arasında baş tutan telefon danışığı xüsusi əhəmiyyət daşıyır və ABŞ paytaxtında nümayiş etdirilən siyasi iradənin konkret nəticələr verdiyini göstərir”.
Onun sözlərinə görə, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən bu ölkəyə, oradan isə digər təyinat məntəqələrinə daşınması Bakı ilə İrəvan arasındakı münasibətlərin iqtisadi əməkdaşlıq müstəvisinə keçdiyini göstərir: “Sülhə can atılması təkcə siyasi sənədlərdə deyil, konkret iqtisadi əlaqələrdə də öz əksini tapır”.
Ekspertin sözlərinə görə, Azərbaycan üçün bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbənin nəticəsi olaraq davamlı sülhün bərqərar olması, Ermənistan üçün isə iqtisadi və regional inteqrasiyanın yeni erasının açılması deməkdir: “Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sadəcə iqtisadi sövdələşmə deyil, Bakı ilə İrəvan arasındakı münasibətlərin xarakterində baş verən əhəmiyyətli dəyişikliyin rəmzidir”.
O əlavə edib ki, Azərbaycan üçün sülh təkcə münaqişənin başa çatması deyil, həm də sabitlik, iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyaları vasitəsilə yeni geosiyasi reallıqların möhkəmləndirilməsi deməkdir.
Ekspert Vaşinqton prosesinin ən diqqətçəkən elementləri sırasında “ Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsini də qeyd edib.
“TRIPP bütün Cənubi Qafqazın iqtisadi və geosiyasi xəritəsinin transformasiyası potensialını özündə daşıyır. Layihənin həyata keçirilməsi Azərbaycanın Şərqlə Qərb arasındakı ticarətdə strateji əhəmiyyətini artıracaq, Bakı və Ankara ilə münasibətlərin normallaşması, nəqliyyat marşrutlarının açılması, regional ticarət şəbəkələrinin inkişafı isə Ermənistanın yeni bazarlara çıxışını asanlaşdıracaq. Azərbaycan ərazisindən keçən nəqliyyat-tranzit şəbəkələrinə qoşulmaq Ermənistanın iqtisadi inteqrasiyası və investisiyaların cəlb edilməsi potensialını özündə daşıyır”, - deyə o bildirib.
N.Əlizadə qeyd edib ki, Azərbaycan və Ermənistan üçün regional sabitliyin və iqtisadi inkişafın möhkəmləndirilməsi prioritetə çevrilir.
Onun sözlərinə görə, sülhün davamlı olması üçün siyasi iradə yeni addımlar və mexanizmlərlə möhkəmləndirilməlidir.
“Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə yalnız iki ölkə səviyyəsində münasibətlərin normallaşdırılması kimi baxmaq olmaz. Bu proses bütün regionun geosiyasi strukturunu dəyişə biləcək transformasiyanın başlanğıcını göstərir. Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin birinci ildönümünü keçmiş münaqişələr prizmasından deyil, gələcəyin iqtisadi və strateji imkanlarının “pəncərəsi”ndən qiymətləndirmək lazımdır. Sülh bütün tərəflərə nəzərəçarpacaq fayda gətirə bilər”, - deyə ekspert fikərlərini yekunlaşdırıb.