Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar
Cəbrayıl, 4 oktyabr, AZƏRTAC
Cəbrayıl Şəhəri Günü çərçivəsində oktyabrın 4-də uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin foyesində təşkil olunan tədbirdə azyaşlılar təsviri sənətin müxtəlif istiqamətləri üzrə praktiki məşğələlərdə iştirak ediblər.
Ustad dərsləri zamanı uşaqlar kətan üzərində yaradıcılıq nümunələri hazırlayıb, müxtəlif rəsmlər çəkiblər.
Tədbirin əsas məqsədi uşaqların təsviri sənətə marağının artırılması, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və sərbəst yaradıcılıq imkanlarının təşviqi olub.
Müxbir-Aydın Yavərzadə