Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır
Ankara, 8 avqust, AZƏRTAC
Türkiyə Azərbaycandakı yataqlarda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin televiziya kanallarından birinin efirində bildirib.
Nazir qeyd edib ki, hazırda Türkiyə “Azəri – Çıraq – Günəşli” neft-qaz yataqları blokunun işlənməsində iştirak edir və “Şahdəniz” yatağında fəaliyyət göstərir.
“Ankara enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması sahəsində də Bakı ilə uğurlu əməkdaşlıq edir”, - deyə A.Bayraktar bildirib. O, buna nümunə olaraq iyunun 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), Türkiyənin BOTAŞ dövlət şirkətinin, “TotalEnergies”in və Əbu-Dabinin milli neft şirkəti olan ADNOC-un iştirakı ilə sazişin imzalanmasını göstərib.
Nazir xatırladıb ki, əldə olunan razılaşmaya əsasən, Azərbaycan 2029-cu ildən başlayaraq 15 il ərzində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr qaz tədarük edəcək.
Onun sözlərinə görə, Türkiyənin xaricdə energetika sektoruna yatırdığı investisiyalar yalnız neft və təbii qaz hasilatının artırılmasına deyil, həmçinin texniki biliklərin və texnologiyaların ötürülməsinə, investisiya qoyuluşuna və istehsal güclərinin beynəlxalq bazarlara çıxarılmasına yönəlib.
“Türkiyə İraqdan başlayaraq Somali, Liviya, Oman, Azərbaycan və Macarıstanadək geniş coğrafi ərazidə möhkəm tərəfdaşlıq əlaqələrinə malik olmaqla enerji bazarında fəal və nüfuzlu ölkəyə çevrilir. Türkiyənin enerji strategiyası xaricdəki möhkəm tərəfdaşlıq əlaqələri sayəsində inkişaf edir”, - deyə nazir vurğulayıb.