Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH
Bakı, 8 avqust, AZƏRTAC
Beynəlxalq münasibətlər tarixində elə dövrlər olur ki, dövlətlərin xarici siyasətində baş verən dəyişikliklər təkcə diplomatik fəallığın artması ilə məhdudlaşmır. Belə mərhələlərdə dövlətlər öz geosiyasi davranış modelini yenidən müəyyənləşdirir, regional proseslərə münasibətlərini dəyişir və beynəlxalq sistemdə yeni rol qazanırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat qeyd edib ki, son bir il ərzində Azərbaycanın xarici siyasətində müşahidə olunan yeniliklər dünya nizamının ziddiyyətlərlə dolu çağırışlarına münasibətdə çevik təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına xidmət edən keyfiyyət dəyişikliklərindən biridir.
Müsahibimiz diqqətə çatdırıb ki, 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb.
Deputat vurğulayıb ki, ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş yüksəksəviyyəli Azərbaycan–ABŞ–Ermənistan görüşü ölkəmizin regional məsələlərin həllində fəal rol oynayan və sülh gündəliyinin formalaşmasına təsir göstərən siyasi aktor olduğunu göstərib. Həmin görüşdə imzalanmış Birgə Bəyannamə Azərbaycan–ABŞ əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşması baxımından mühüm mərhələ olub. Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması isə sülh razılaşmasının imzalanmasına hüquqi keçid olub. Eyni zamanda, Azərbaycanın əvvəldən irəli sürdüyü prinsipial mövqeyi öz aktuallığını qoruyur.
Səfərin mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı razılaşma olub. TRlPP layihəsi Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarını vahid şəbəkədə birləşdirərək regiona nəhəng xarici sərmayələrin axını üçün geniş imkanlar yaradıb.
Həmin səfər təkcə Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanması deyil, həm də Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın daha da möhkəmləndirilməsi kimi qiymətləndirilə bilər. Həmçinin “907-ci düzəliş”in dondurulması ilə bağlı qərar iki ölkə arasında münasibətlərdə etimadın bərpasına xidmət edən siyasi addım olub.
Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycan eyni vaxtda Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir, ABŞ ilə siyasi dialoqu dərinləşdirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın inkişafına töhfə verir, Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı möhkəmləndirir, Çinlə Orta Dəhliz üzrə əməkdaşlığı inkişaf etdirir və Körfəz ölkələrinin investisiyalarını cəlb edir. Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan xarici siyasətini geosiyasi qarşıdurma məntiqi üzərində deyil, milli maraqların qorunması, qarşılıqlı fayda, beynəlxalq hüquqa hörmət və çoxtərəfli əməkdaşlıq prinsipləri əsasında qurur.
Bu gün ölkəmiz regional sabitliyin möhkəmləndirilməsinə, geoiqtisadi əməkdaşlığın genişlənməsinə və müxtəlif geosiyasi mərkəzlər arasında dialoqun inkişafına töhfə verən etibarlı strateji tərəfdaş kimi qəbul olunur. Bu dəyişiklik beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar fonunda xüsusi əhəmiyyət kəsb edir.
“Beləliklə, Azərbaycanın geosiyasi transformasiyası təkcə milli diplomatiyanın yeni inkişaf mərhələsini deyil, həm də dəyişən beynəlxalq münasibətlər sistemində orta güclü dövlətlərin milli maraqları qorumaqla yanaşı, regional və qlobal əməkdaşlığın formalaşmasına təsir göstərə biləcəyini nümayiş etdirən strateji dövlət davranış modelini ifadə edir.
Bu model Azərbaycanın qarşıdakı dövrdə də Cənubi Qafqazla məhdudlaşmayan, bütövlükdə Avrasiya məkanında etibarlı tərəfdaş, geoiqtisadi əlaqələndirici və konstruktiv diplomatik təşəbbüslərin müəllifi kimi mövqeyini daha da möhkəmləndirəcək”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.