Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika
Bakı, 8 avqust, AZƏRTAC
2004-cü ildən etibarən hər il avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsas məqsədi oftalmoloqların əməyini qiymətləndirmək, cəmiyyətdə göz sağlamlığının vacibliyini təbliğ etmək və korluğun profilaktikasına diqqət çəkməkdir. Dünyada göz xəstəliklərinin erkən aşkarlanması istiqamətində aparılan maarifləndirmə işləri də bu günün prioritetləri sırasındadır.
Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, ölkəmizdə əhalinin göz sağlamlığının qorunması və gözdən əlilliyin profilaktikası daim dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə yanaşı, onun Masallı, Gəncə və Şəki regional filialları əhaliyə dünya standartlarına uyğun xidmət göstərir. Müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş bu mərkəzlər görmə orqanının anatomik və funksional parametrlərini dəqiq öyrənməyə imkan verir. Bu texnologiyalar göz xəstəliklərinin erkən diaqnostikasını, müalicə keyfiyyətini və cərrahi əməliyyatların uğurlu nəticələrini əhəmiyyətli dərəcədə yüksəldir.
Y.Abdıyeva vurğulayıb ki, respublika əhalisinə göstərilən yüksəksəviyyəli oftalmoloji yardım çərçivəsində Mərkəzin Səyyar Klinikasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Avtomobil və dəmir yolu vaqonlarından ibarət olan bu klinika ən müasir avadanlıqlarla təchiz edilib. Səyyar Klinika mütəmadi olaraq ölkənin ən ucqar rayon və kəndlərinə səfər edərək sakinlərə pulsuz cərrahi və terapevtik yardım göstərir. Eyni zamanda, Bakı şəhərindəki müxtəlif müəssisələrdə, məktəb və uşaq bağçalarında kütləvi dispanser müayinələr təşkil edir.
O diqqətə çatdırıb ki, Azərbaycanda oftalmoloji yardımın optimallaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Mərkəzin həkim heyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan "Böyük Qayıdış" proqramına da fəal şəkildə qoşulub. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə humanitar aksiyalar keçirilir və yerli əhaliyə davamlı oftalmoloji xidmətlər göstərilir.
Müxbir - Göyçək Mahmudlu