Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı
Tbilisi, 8 avqust, AZƏRTAC
Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ və Azərbaycan prezidentləri, Ermənistanın Baş naziri arasında keçirilən görüş çox mühüm tarixi və siyasi hadisə idi. Bu sammit təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün çox mühüm idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Valeri Çeçelaşvili deyib.
Onun sözlərinə görə, bu görüşün mühüm siyasi əhəmiyyəti orada mühüm Birgə Bəyannamənin imzalanmasından ibarətdir. Bununla da təkcə Azərbaycan ilə Ermənistan arasında deyil, bütövlükdə regionda gələcək sülh üçün möhkəm təməl yarandı. Bundan əlavə, xarici işlər nazirləri tərəfindən Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair saziş paraflandı. Bu, beynəlxalq sənədin paraflanmasının mümkün olan ən yüksək səviyyəsidir. Bu sənəd artıq ikitərəfli münasibətlərdə mühüm rol oynayıb. Çünki ötən bir il ərzində biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tədricən yaxşılaşdığını, etimadın möhkəmləndiyini gördük. Bu proses həm ən yüksək səviyyədə – Prezidentlə Baş nazir arasında, həm də digər - Baş nazirlərin müavinləri, xarici işlər nazirləri, parlament sədrləri və s. arasında müşahidə olunur.
Politoloq hesab edir ki, bu il ən azı ona görə tarixi hadisə olacaq ki, Ermənistanın xarici ticarət statistikasında yeni bir sətir yaranacaq.
“Bir il əvvəl baş verənləri nəzərə alaraq, mən perspektivləri çox ciddi və müsbət qiymətləndirirəm. Son bir ildə biz Ermənistan-Azərbaycan sərhədində heç bir insident barədə eşitməmişik. Bu isə onu göstərir ki, iki ölkə və iki cəmiyyət sülh şəraitində yaşamağa alışır və bir-birinə qarşı daha çox etimad formalaşdırır. Düşünürəm ki, bu, artıq paraflanmış sazişin imzalanması, diplomatik münasibətlərin qurulması üçün çox möhkəm əsasdır. Bundan sonra isə şübhəsiz ki, Ermənistanla Türkiyə arasında da diplomatik münasibətlərin qurulması prosesi baş verəcək. Bu isə yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Cənubi Qafqazda regional əməkdaşlıq üçün tamamilə yeni perspektivlər açacaq”, - deyə Çeçelaşvili bildirib.