Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
Bakı, 7 avqust, AZƏRTAC
İqlim dəyişikliyi demək olar ki, bütün qitələrdə kəpənəklərin yayılma areallarında genişmiqyaslı dəyişikliklərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, 109 ölkədən toplanmış məlumatların təhlili tədqiq olunan hər on növdən təxminən birinin yaşayış arealını dəyişdiyini göstərir: bəzi növlər yeni ərazilərə yayılıb, digərləri isə əvvəlki yaşayış yerlərinin bir hissəsini itirib.
Kəpənəklər iqlim dəyişkənliyinə ən həssas həşəratlardan hesab olunur. Temperaturun yüksəlməsi, quraqlıq, intensiv yağıntılar və çiçəkli çəmənliklərin azalması onları daha sərin bölgələrə – qütblərə doğru və ya yüksək dağlıq ərazilərə köçməyə məcbur edir. Buna görə də bioloqlar onları ekosistemlərdə baş verən dəyişikliklərin mühüm göstəricisi sayırlar.
Avstraliyanın Monaş Universitetindən Şavan Çoudhurinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu 109 ölkədə yayılmış 1758 kəpənək növünü araşdırıb. Məlum olub ki, 32 ölkədə yerli növlərin azı dörddəbiri yeni ərazilərə yayılıb, 10 ölkədə isə bu göstərici 50 faizi keçib.
Dəyişiklik qeydə alınan növlərin təxminən 80 faizi yaşayış arealını genişləndirib, 27 faizində isə areal daralıb. Alimlərin qənaətinə görə, təxminən hər 10 haldan 8-də əsas səbəb iqlim dəyişikliyi – temperaturun artması, yağıntı rejiminin dəyişməsi və ekstremal hava hadisələri olub. Bununla yanaşı, yaşayış mühitinin məhv edilməsi, kənd təsərrüfatı fəaliyyəti və bataqlıqların qurudulması da bu prosesə təsir göstərib.
Tədqiqatçılar bildirirlər ki, növlərin köçü təbii prosesdir. Lakin qlobal istiləşmə təbii zonaları canlıların uyğunlaşa biləcəyindən daha sürətlə dəyişdirir. ABŞ-də isə 2000–2020-ci illər ərzində kəpənəklərin ümumi sayı 22 faiz azalıb ki, bu da ekosistemlərin vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq siqnalı hesab olunur.