Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya sahəsində müasir tədris imkanlarının genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Akademiyada rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası gücləndirilir, tələbələrin 2D və 3D animasiya, rəqəmsal dizayn, vizual kommunikasiya və müasir proqram təminatları ilə işləmək bacarıqlarının inkişafına xüsusi önəm verilir. Bu təşəbbüslər yaradıcı sənayelər üçün peşəkar kadr hazırlığını dəstəkləməklə yanaşı, ölkədə rəqəmsal yaradıcılıq mühitinin inkişafına da töhfə verməyi hədəfləyir.
Akademiyadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, rəqəmsal texnologiyaların və yaradıcı sənayelərin sürətli inkişafı ali incəsənət təhsilində yeni yanaşmaların tətbiqini zəruri edir. Azərbaycan Rəssamlıq Akademiyası klassik bədii təhsil ənənələrini qorumaqla yanaşı, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
Akademiyada dizayn, memarlıq, qrafika və digər yaradıcı ixtisaslar üzrə tələbələrin müasir texnologiyalarla işləmək bacarıqlarının inkişafına xüsusi diqqət göstərilir. Tədris prosesində rəqəmsal təsvirin hazırlanması, vizual kommunikasiya, layihələndirmə, rəqəmsal təqdimat və müasir proqram təminatlarından istifadə istiqamətində bilik və bacarıqlar formalaşdırılır. Akademiyanın Təsviri sənət və sənətşünaslıq fakültəsinin Animasiya emalatxanasında tələbələr 2D və 3D animasiya texnologiyaları, vizual hekayəçilik, rəqəmsal təsvir və animasiya istehsalının əsas prinsipləri üzrə nəzəri və praktiki hazırlıq keçirlər. Emalatxanada müasir proqram təminatlarından istifadə etməklə tələbələrin animasiya sahəsində peşəkar bacarıqları inkişaf etdirilir.
Görülən işlər rəqəmsal yaradıcılıq sahələrində gələcək mütəxəssislərin hazırlanmasına və Azərbaycanın yaradıcı sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır.