Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan rəhbərliyinin beynəlxalq müstəvidə fəaliyyəti yüksək peşəkarlıqla səciyyələnir və ilk növbədə, dövlətin milli maraqlarının təmin olunmasına yönəlib.
Bu fikri AZƏRTAC-a açıqlamasında Rusiyanın birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində yalnız peşəkarlıq deyil, həm də ədalət və haqq prinsiplərinə sadiqlik ön plandadır: ”Müasir dövrdə beynəlxalq münasibətlər sistemində xarici siyasətdə bu cür mənəvi-etik prinsiplərə riayət olunması nadir hallarda müşahidə olunsa da, Azərbaycanın nümunəsində bu yanaşma aydın şəkildə özünü göstərir. Xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri və həmkarı Sergey Lavrovla keçirdiyi görüş zamanı postsovet məkanında sülhün təmin olunması, mövcud münaqişələrin tənzimlənməsi və Rusiya-Azərbaycan münasibətlərinin əvvəlki işgüzar formatda bərpası məsələləri müzakirə olunub. Qaz təchizatı üzrə əldə olunmuş razılaşmalar və Azərbaycanın Ukraynaya humanitar yardımının genişləndirilməsi də Bakının əvvəldən bəyan etdiyi prinsipial mövqeyə uyğundur. Çünki Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə ifadə edib. Bu səfər Azərbaycanın müstəqil xarici siyasət kursunun, müxtəlif dövlətlərlə münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurmaq bacarığının növbəti təsdiqidir”.
Tatyana Poloskova bildirib ki, bütövlükdə, Ceyhun Bayramovun Kiyevə səfəri Azərbaycanın çoxvektorlu, balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun növbəti məntiqi təzahürü kimi qiymətləndirilməlidir. Bu siyasətin əsasında milli maraqların qorunması, bütün tərəfdaşlarla dialoqun davam etdirilməsi və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipinin təmin olunması dayanır.
Müxbir - Səbinə Əlizadə