Məktəblilər uşaq yazıçısı “Gülzar nənə” ilə görüşüblər
Bakı, 31 may, AZƏRTAC
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı, “Sehrli dünya” jurnalının baş redaktoru, “Gülzar nənə” təxəllüsü ilə tanınan uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin 4B sinfinin müəllim və şagird kollektivi, fəal oxucular iştirak ediblər.
Görüş zamanı Gülzar İbrahimova haqqında ətraflı məlumat verilib, yaradıcılığı barədə videoçarx nümayiş olunub.
Məktəblilərin ifasında müəllifin şeirləri, tapmacaları səsləndirilib, hekayələri əsasında hazırlanan tamaşalar, maraqlı kompozisiyalar təqdim edilib.
Bundan başqa, tədbirdə kitabxanada “Çox oxuyan çox qazanar” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak edən fəal oxuculara fəxri fərman və təşəkkürnamələr verilib.
Həmçinin uşaqlara yazıçı və kitabxananın uşaq şöbəsi tərəfindən kitablar hədiyyə olunub.