® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən transmilli şirkətlərin, beynəlxalq holdinqlərin və iri investisiya qruplarının Azərbaycan bazarına çıxışa, ölkədə həyata keçirilən iqtisadi islahatlarda iştirakına, eləcə də yerli biznes strukturları ilə əməkdaşlığın genişləndirilməsinə artan marağı nəzərə alaraq, “AZEXIM CLUB”ın fəaliyyət istiqamətlərinin və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə qərar qəbul edilib. Beləliklə, “AZEXIM CLUB”ın tərkibinə Azərbaycanın TOP-50 holdinq və şirkətlər qrupu ilə yanaşı, Azərbaycan bazarında fəaliyyət göstərən və göstərmək niyyətində olan TOP-50 transmilli şirkət və beynəlxalq holdinq də daxil olacaq.
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, “Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi tərəfindən birgə təsis edilmiş “AZEXIM CLUB” artıq yalnız Azərbaycanın TOP-50 holdinq və şirkətlər qrupunu deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən və investisiya layihələrində iştirak etmək, yerli tərəfdaşlarla əməkdaşlıq qurmaq, ölkədə həyata keçirilən iqtisadi islahatlarda iştirak etmək və regionun iqtisadi inkişaf proseslərinə töhfə vermək istəyən TOP-50 beynəlxalq şirkətlərini də öz ətrafında birləşdirəcək.
“Bu gün Azərbaycan təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının ən perspektivli investisiya istiqamətlərindən birinə çevrilir. Ölkəmizdə formalaşmış siyasi sabitlik, həyata keçirilən sistemli iqtisadi islahatlar, əlverişli biznes mühiti, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və dövlət-özəl sektor əməkdaşlığının yüksək səviyyəsi beynəlxalq investorların Azərbaycana marağını ildən-ilə artırır. Məhz bu artan marağın və dünyanın aparıcı transmilli şirkət və beynəlxalq holdinqlərin çoxsaylı müraciətləri əsasında “AZEXIM CLUB”ın tərkibinin genişləndirilməsi barədə qərar qəbul edilmişdir”, - deyə Telman Əliyev bildirib.
Telman Əliyev həmçinin əlavə edib ki, yeni təşəbbüs çərçivəsində “AZEXIM CLUB”a daxil olan transmilli şirkət və holdinqlər Azərbaycan Respublikasının dövlət qurumları ilə keçirilən görüşlərdə, investisiya mühitinin daha da təkmilləşdirilməsinə dair müzakirələrdə, biznes və hüquqi tənzimləmə sahəsində islahatlarla bağlı fikir mübadiləsində yaxından iştirak edəcəklər.
Bununla yanaşı, xarici üzvlər Azərbaycanın iqtisadi və investisiya imkanları, qanunvericilikdə nəzərdə tutulan yeniliklər və biznes mühitində baş verən dəyişikliklər barədə məlumatları öz beynəlxalq tərəfdaşlarına və biznes şəbəkələri vasitəsilə qlobal biznes ictimaiyyətinə çatdıracaqlar.
Xüsusi olaraq qeyd edək ki, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və digər yüksək vəzifəli hökumət rəsmiləri ilə təşkil olunan görüşlərdə iştirak hüququ “AZEXIM CLUB” platformasında təmsil olunan və “Caspian Energy Club”ın “DİAMOND” və “PLATINUM” statusuna malik beynəlxalq şirkətlərə təqdim olunacaq.
Eyni zamanda, “AZEXIM TOUR” və beynəlxalq “AZEXIM FORUM” layihələri çərçivəsində iştirak imkanları daha geniş üzv kateqoriyalarını əhatə edəcək. Belə ki, biznes missiyalarında, beynəlxalq forumlarda, B2B görüşlərdə, investisiya sessiyalarında, dəyirmi masalarda və işgüzar səfərlərdə həmçinin “Caspian Energy Club”ın “GOLD” statuslu üzvləri iştirak edərək yeni tərəfdaşlarla əlaqələr qurmaq, xarici bazarlara çıxış imkanlarını genişləndirmək və beynəlxalq əməkdaşlıq şəbəkələrinə inteqrasiya olunmaq imkanı əldə edəcəklər.