Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Bakı, 16 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 144 min 339 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 27 min 465-i (19 %) ilkin, 116 min 874-ü (81 %) isə təkrar qeydiyyatın payına düşür.
2026-cı ilin yanvar-may ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 30 min 937, mənzil – 36 min 418, torpaq sahəsi – 71 min 355, qeyri-yaşayış binası – 1312, qeyri-yaşayış sahəsi – 4 min 19, əmlak kompleksi – 255 və çoxmərtəbəli yaşayış binaları üzərində 43 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 41 min 242-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-may ayları ərzində 101 min 266 texniki pasport tərtib edilib, 25 min 75 ipoteka müqaviləsi qeydiyyata alınıb.