KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil
Bakı, 16 iyun, AZƏRTAC
Kiçik və orta biznes subyektləri (KOB) iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil.
AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyasındakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Elnur Əliyev deyib.
O bildirib ki, COP29 həm də kiçik və orta müəssisələrin yaşıl keçiddə rolunun daha aydın müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyırdı. KOBİA və digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində geniş sorğular və araşdırmalar aparılıb. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən sahibkarlar, yerli icra strukturları, bələdiyyələr, kənd təsərrüfatı və regional inkişaf qurumlarının nümayəndələri ilə müzakirələr təşkil olunub və dəyərli məlumatlar toplanıb.
“Araşdırmanın nəticələri üç əsas problemi ortaya qoydu. Birinci və ən mühüm problem maarifləndirmə ilə bağlıdır. Bir çox KOB subyekti ilə yaşıl keçid, dayanıqlılıq və iqlim fəaliyyətindən danışdıqda, onlar bu anlayışları ya kifayət qədər tanımır, ya da onların biznes fəaliyyəti ilə əlaqəsini tam başa düşmürlər. Halbuki dayanıqlılıq artıq yalnız ekoloji məsələ deyil, həm də rəqabət qabiliyyəti və bazarlara çıxış üçün vacib amilə çevrilib. İkinci problem potensial və bacarıqlarla bağlıdır. Yaşıl transformasiyanın əhəmiyyətini anlayan müəssisələrin bir hissəsi belə bu istiqamətdə fəaliyyət göstərmək üçün zəruri texniki biliklərə, insan resurslarına və institusional imkanlara malik deyil. Bu isə onların yeni standartlara uyğunlaşmasını çətinləşdirir. Üçüncü əsas problem maliyyə resurslarına çıxışdır. Apardığımız sorğular göstərdi ki, əksər KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil. Hətta məlumatlı olanlar belə bu maliyyə alətlərindən necə yararlanacaqlarını tam bilmirlər. Nəticədə yaşıl layihələrin maliyyələşdirilməsi üçün mövcud imkanlardan istifadə səviyyəsi aşağı olaraq qalır”, - deyə Elnur Əliyev bildirib.
Fotoqraf - İlkin Cavanşirov