Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır
Bakı, 16 iyun, AZƏRTAC
Sənaye şəhərləri halal inkişaf və halal iqtisadiyyat prinsipləri əsasında formalaşdırılıb. Burada əsas məqsəd qlobal əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Sənaye Şəhərləri və Texnologiya Zonaları İdarəsi (MODON), Sənaye Şəhərlərinin Əməliyyatları üzrə İcraçı vitse-prezidenti Mosaedah Al-Drees İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Halal sənaye zonaları - təkmilləşdirilmiş halal ekosistemin inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, sərmayədarlar üçün mühüm göstəricilərdən biri odur ki, ümumi inkişaf səviyyəsi 170 faizdən çox artıb və 108-dən artıq beynəlxalq investor bu prosesə cəlb olunub: "Son beş il ərzində əczaçılıq sektoruna investor marağı 100 faiz artıb ki, bu da sahənin yüksək inkişaf potensialından xəbər verir. Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına, innovativ texnologiyaların tətbiqinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Bu model həm iqtisadi artımın sürətləndirilməsinə, həm də dayanıqlı və inklüziv inkişafın təmin olunmasına mühüm töhfə verir".
Fotoqraf - İlkin Cavanşirov