Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Bakı, 16 iyun, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 16-da növbəti dəfə vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib. Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.