“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır
Bakı, 16 iyun, AZƏRTAC
Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Murat Bapayev İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyasında çıxışı zamanı deyib.
“Bu gün halal standartları qida sənayesi ilə yanaşı, xidmət sektoru, logistika və digər iqtisadi fəaliyyət sahələrində də tətbiq olunur. Məhz buna görə də biz Qazaxıstanda halal biznesin və İslam maliyyə alətlərinin inkişafını dəstəkləməyə davam etməyə hazırıq”, - deyə o qeyd edib.
Zəmanət Fondu çərçivəsində biz təxminən 4 min layihəyə dəstək vermişik. Bu layihələr üzrə kreditlərin ümumi həcmi 1,45 milyard dollar təşkil edib, zəmanətlə təmin olunan hissə isə təxminən 780 milyon dollar olub. İkinci zəmanət mexanizmi çərçivəsində isə ölkə üzrə 11 iri layihəyə dəstək göstərilib. Bu layihələrin ümumi dəyəri 1,2 milyard dollar, zəmanətlə təmin olunan hissəsi isə 240 milyon dollar təşkil edib. Bu mexanizmlər sahibkarlara bank kreditlərinə çıxışı asanlaşdırır, onların bizneslərini genişləndirmələrinə və yeni investisiyalar cəlb etmələrinə imkan yaradır. Halal biznes sahəsinə gəldikdə isə iyunun əvvəlinədək təxminən min layihəni dəstəkləmişik. Bu layihələr üzrə kreditlərin ümumi həcmi 380 milyon dollara çatıb. Qazaxıstanda halal məhsullar iqtisadi inkişafın mühüm istiqamətlərindən biridir. İslam maliyyə alətləri tətbiq edilməzdən əvvəl bu sahədə inkişaf daha məhdud idi. Lakin son illərdə Qazaxıstanda fəaliyyət göstərən İslam bankları ilə uğurlu əməkdaşlıq qurmuşuq və tərəfdaş zəmanət mexanizmləri yaratmışıq. Bu əməkdaşlıq çərçivəsində təxminən 2 min layihəyə dəstək göstərilib ki, onların ümumi dəyəri 20 milyon dollara yaxın olub”, - deyə Murat Bapayev vurğulayıb.
Fotoqraf - İlkin Cavanşirov