“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
Bakı, 16 iyun, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Teleradio Akademiyasının rektoru Almaz Mahmud layihənin əhəmiyyətindən danışaraq bildirib ki, proqram çərçivəsində aparılan müzakirələrin və təlimlərin nəticələri əsasında kitab nəşr olunacaq.
Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, dosent, AzTV-nin Teleradio Akademiyasının “Fokus” qrupunun rəhbəri Aynur Nəsirova təlimlərin səmərəli nəticələr verdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırlanacaq nəşr media nümayəndələri üçün faydalı mənbə və jurnalistlərin stolüstü vəsaiti olacaq. Aynur Nəsirova, həmçinin jurnalistlərdən daxil olan təkliflər əsasında gələcəkdə orfoepik lüğətin hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Müzakirələrdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli Azərbaycan dilinin fundamental orfoepik lüğətinin hazırlanması istiqamətində işlərin aparıldığını bildirib. O qeyd edib ki, yazı və danışıq mədəniyyəti bir-birini tamamlamalı, dil normalarının qorunmasına xüsusi diqqət yetirilməlidir.
Tədbirdə çıxış edən Əməkdar jurnalist Qulu Məhərrəmli orfoepiya normalarının yenilənməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan dilində vurğu məsələsinin aktual problemlərdən biri olduğunu diqqətə çatdırıb.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə dil məsələlərinin müzakirəsində media nümayəndələrinin fəal iştirakının vacibliyini qeyd edib.
BDU-nun dosenti Xatirə Hüseynova çıxışında nitq mədəniyyətinin formalaşmasında erkən təhsilin roluna diqqət çəkərək, dil normalarının məktəb yaşlarından sistemli şəkildə aşılanmasının əhəmiyyətini vurğulayıb.
Tədbir zamanı Azərbaycan dilinin orfoepik normalarının tətbiqi, media nümayəndələrinin qarşılaşdığı tələffüz problemləri və vahid yanaşmanın formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 20 təlim təşkil olunub. Onlardan 16-sı Bakıda, 4-ü isə regionlarda keçirilib.