“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanın bərpaolunan enerji sahəsində əldə etdiyi uğurların əsasını hökumətin qətiyyətli siyasi iradəsi, investorlar üçün yaradılan əlverişli mühit və qanunvericilik islahatları təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Murad Sadıxov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin sürətləndirilməsi: Bərpaolunan enerji investisiya üçün cəlbedici imkan kimi” adlı sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaşıl enerji layihələrinin uğurla həyata keçirilməsi üçün təbii resurslar, yerli imkanlar və müvafiq qanunvericilik vacib olsa da, əsas amil hökumətin bu sahəyə sadiqliyi və qətiyyətidir.
“Azərbaycanın ənənəvi enerji layihələrinin həyata keçirilməsində zəngin təcrübəsi olsa da, yaşıl enerjiyə keçid həm hökumətin ciddi səylərini, həm də investorlar və maliyyə institutlarının etimadını tələb edirdi. Son illərdə bərpaolunan enerji layihələrinin təşviqi məqsədilə qanunvericilik bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Bu çərçivədə investisiyaların təşviqi mexanizmləri yaradılıb, vergi qanunvericiliyinə dəyişikliklər edilib, həmçinin elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadəni tənzimləyən qanun qəbul olunub”,- deyə o bildirib.
Onun sözlərinə görə, həyata keçirilən bu islahatlar Azərbaycanın yaşıl enerji sektorunu beynəlxalq investorlar üçün daha cəlbedici edib.
Foto - İlkin Cavanşirov