Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır
Bakı, 16 iyun, AZƏRTAC
Bu ilin yaz aylarında Azərbaycanda müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə sürüşmə və eroziya proseslərinin fəallaşmasına səbəb olub. Bu proseslərdən ən kəskini İsmayıllı rayonu ərazisində yerləşən Lahıc–Namazgah kəndləri arasındakı hissədə qeydə alınıb.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev AZƏRTAC-a açıqlamasında bildirib ki, Lahıc–Namazgah hissəsində sürüşmənin baş verdiyi ərazi geomorfoloji baxımdan çox mürəkkəbdir. Onun sözlərinə görə, yol dar dağ yamacları boyunca keçdiyindən burada yamac eroziyası və qaya uçqunu riski həmişə yüksək olub. Xüsusilə Lahıc istiqamətində yamacın meyilliyi yüksək, süxurların parçalanma səviyyəsi isə böyükdür.
Nəriman Paşayev qeyd edib ki, yağıntılar nəticəsində yamac süxurları arasında suyun toplanması onların dayanıqlığını zəiflədib və qravitasiya təsiri altında iri torpaq kütlələrinin hərəkətinə səbəb olub.
Yerli sakinlərin bildirdiyinə əsasən, sürüşmədən əvvəl ərazidə kiçik torpaq çatları və daş qopmaları müşahidə edilib. Bu isə prosesin mərhələli şəkildə inkişaf etdiyini göstərir.
“Geomorfoloji baxımdan həm Ağsu aşırımı, həm də Lahıc–Namazgah sahəsi Azərbaycanın ən həssas sürüşmə zonalarından hesab olunur. Bu ərazilərdə paleosürüşmə sahələrinin mövcudluğu, yüksək yamac meyilliyi, giltərkibli süxurlar və intensiv atmosfer yağıntıları sürüşmə riskini daimi saxlayır. Bu ilin may hadisələri göstərdi ki, iqlim dəyişmələri fonunda ekstremal yağıntıların artması dağ yollarında geoloji təhlükələri daha da gücləndirir. Bu səbəbdən həmin ərazilərdə daimi geoloji monitorinq sistemlərinin qurulması, yamac bərkitmə işlərinin genişləndirilməsi, drenaj xətlərinin yenilənməsi və qaya qoruyucu baryerlərin qurulması strateji əhəmiyyət daşıyır”, - deyə alim bildirib.