MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir
Bakı, 16 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığı kiçik, orta və iri müəssisələr üçün geniş təşviq və dəstək mexanizmləri təqdim edir. Bu mexanizmlər investisiyaların cəlb olunmasına, sənayeləşmənin sürətlənməsinə və özəl sektorun inkişafına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Sənaye Şəhərləri və Texnologiya Zonaları üzrə İdarəsində (MODON) Korporativ Xidmətlər üzrə vitse-prezident Mosaedah Al Drees İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal sənaye zonaları – Qabaqcıl halal ekosistemin inkişafı” adlı sessiyada çıxışı zamanı deyib.
“Biz müəssisələrin gələcəyin fabriklərinə çevrilməsinə dəstək göstəririk. Bu məqsədlə onların istehsal proseslərinin rəqəmsallaşdırılması və Sənaye 4.0 standartlarına keçidi istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Təklif etdiyimiz təşviq mexanizmləri arasında məsləhət xidmətləri, maliyyələşdirmə proqramları, yerli məzmunun inkişafına dəstək tədbirləri, eləcə də sənaye infrastrukturu və hazır istehsal sahələrinin təqdim edilməsi yer alır. Məqsədimiz sahibkarların qarşılaşdığı ilkin maneələri minimuma endirmək və yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasını asanlaşdırmaqdır. Bunun üçün tam hazır istehsal məkanları yaradılır ki, investorlar və sahibkarlar əlavə vaxt və resurs sərf etmədən fəaliyyətə başlaya bilsinlər. Çalışırıq ki, bütün zəruri infrastruktur əvvəlcədən hazır olsun və yeni bizneslər öz diqqətlərini birbaşa istehsala və inkişaf prosesinə yönəldə bilsinlər”, - deyə o bildirib.