Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilk dəfə Şuşa şəhərində vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şuşa Şəhər Xüsusi Nümayəndəliyində yerləşən büstünün önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Görüşə gələn şəhər sakinləri doğma yurdlarında yaradılan yaşayış şəraitini, aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndiriblər.
Şuşada təhlükəsiz və rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərdən razılıqlarını ifadə edən sakinlər ailə təsərrüfatlarının yaradılması, şəhərin sosial həyatının inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüblər. Onlar Şuşada uşaq bağçasının fəaliyyətə başlamasının və Şuşa–Xankəndi avtobus marşrutunun açılmasının məqsədəuyğun olacağını vurğulayıblar.
Səsləndirilən təkliflər qeydə alınaraq aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib.