Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb
Bakı, 16 iyun, AZƏRTAC
Kiçik və orta biznes subyektlərinin (KOB) ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyasında çıxışı zamanı deyib.
“Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, son illərdə keçirilən iqlim konfranslarında, xüsusilə COP28 və COP29 çərçivəsində özəl sektorun rolu geniş müzakirə olunub. Hökumətlərin özəl sektoru yaşıl transformasiyaya necə cəlb edə biləcəyi və bu prosesi necə dəstəkləyə biləcəyi barədə ciddi debatlar aparılıb. Lakin daha dərindən təhlil etdikdə məlum olur ki, bu müzakirələrdə əsas diqqət daha çox iri şirkətlərə və böyük investisiya layihələrinə yönəlib. Kiçik və orta müəssisələrin ehtiyaclarına cavab verən qlobal yanaşma isə hələ tam formalaşmayıb. Məhz buna görə beynəlxalq tərəfdaşlıqlar, regional əməkdaşlıq mexanizmləri və yeni maliyyə alətləri xüsusi əhəmiyyət kəsb edir. Çünki KOB-ların yaşıl keçiddə fəal iştirakını təmin etmək üçün əsas sual artıq “Nə etmək lazımdır?” deyil, “Bunu necə maliyyələşdirmək lazımdır?” sualıdır. Yaşıl transformasiyanın uğuru məhz bu sualın cavabından və KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsindən asılı olacaq”, - deyə o bildirib.
Fotoqraf - İlkin Cavanşirov