“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
Bakı, 16 iyun, AZƏRTAC
Enerji bazarlarının inkişafı ölkələrin resurslarına, qanunvericiliyinə və iqtisadi modelinə uyğun olaraq fərqlənir və bu sahədə vahid yanaşma tətbiq etmək mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə meneceri Selim Güven İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin sürətləndirilməsi: Bərpaolunan enerji investisiya üçün cəlbedici imkan kimi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, müxtəlif ölkələrin enerji sistemləri, iqtisadi inkişaf səviyyəsi, tənzimləyici mühiti və resurs bazası bir-birindən fərqləndiyi üçün hər ölkəyə eyni investisiya modelini tətbiq etmək mümkün deyil.
“Təxminən 15 ölkənin enerji bazarını müqayisəli şəkildə təhlil edirik və hər bir ölkənin özünəməxsus şərtlərə malik olduğunu müşahidə edirik. Bəzi ölkələr Günəş enerjisi baxımından daha əlverişli olsa da, investisiya cəlbediciliyi yalnız təbii şəraitdən asılı deyil”,- deyə o diqqətə çatdırıb.
“ACWA Power” rəsmisi əlavə edib ki, texnologiya eyni olsa da, investisiya cəlbediciliyi ölkələrin bazar strukturu və iqtisadi mühitindən birbaşa asılıdır.
Foto - İlkin Cavanşirov