“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib
Bakı, 16 iyun, AZƏRTAC
Maliyyə sabitliyi, investorlar üçün yaradılmış əlverişli mühit və şəffaf qaydalar Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Murad Sadıxov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin sürətləndirilməsi: Bərpaolunan enerji investisiya üçün cəlbedici imkan kimi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, bərpaolunan enerji layihələrinin uğurlu icrası üçün elektrik şəbəkəsinin etibarlılığı və balanslaşdırma imkanları mühüm əhəmiyyət daşıyır və əks halda, bu cür layihələrə kapital cəlb etmək çətinləşir.
“Azərbaycan uzun illərdir makroiqtisadi və maliyyə sabitliyini qoruyur. Hökumət investorlar üçün aydın və şəffaf qaydalar formalaşdırıb, investisiyaların qorunmasına, eləcə də əldə olunan gəlirlərin və dividendlərin ölkədən sərbəst çıxarılmasına təminat verir. Bütün bunlar Azərbaycanı investisiyalar üçün unikal və çox cəlbedici məkan edir. Təsadüfi deyil ki, bir neçə il əvvəl Birləşmiş Ərəb Əmirlikləri hökuməti Azərbaycanı dünyanın 50 ən cəlbedici investisiya istiqamətindən biri elan edib”, – deyə Murad Sadıxov bildirib.