Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır
Göyçay, 16 iyun, AZƏRTAC
Göyçay rayonunun Yeniarx kəndində güclü külək və leysan xarakterli yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət hadisəsi nəticəsində kənddə bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib, bəzi həyətlərdə meyvə ağacları qırılıb, istixanaların örtükləri yararsız vəziyyətə düşüb.
Yaranmış vəziyyətlə əlaqədar səhər saatlarından etibarən aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikalar əraziyə cəlb olunub. Güclü küləyin aşırdığı ağacların yollardan götürülməsi, təhlükə yaradan halların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.
Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Sadıqov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gecə saatlarından etibarən elektrik enerjisi və rabitə xətlərindəki fasilələrin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Onun sözlərinə görə, Yeniarx kəndinin mərkəzi yolu üzərində aşan irigövdəli ağaclar ərazidən kənarlaşdırılır, dam örtüklərinə ziyan dəymiş fərdi təsərrüfatlarda vəziyyət qiymətləndirilir və bərpa işləri aparılır.
Eyni zamanda, zərər görmüş ev və yardımçı tikililərə baxış keçirilir, sakinlərin müraciətləri qeydə alınır, dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən araşdırmalar davam etdirilir.
Hazırda ərazidə yağmursuz və günəşli hava şəraiti müşahidə olunur.