Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO
Xankəndi, 16 iyun, AZƏRTAC
Qarabağ Universitetində vokal dərsləri yüksək səviyyədə təşkil olunur. Həm ötən il, həm də bu il vokal müəllimlərimizin hər biri tələbələrlə birgə konsert proqramları hazırlayaraq onları səhnə fəaliyyətinə uyğunlaşdırır. Tələbələrə verilən tapşırıqlar yüksək səviyyədə yerinə yetirilir və təqdim olunur.
Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin vizual və vokal sənətləri kafedrasının müdiri, Əməkdar artist Səbuhi İbayev deyib.
O diqqətə çatdırıb ki, il ərzində nəzərdə tutulan proqramlar vaxtında həyata keçirilir, hesabat konsertləri uğurla təqdim edilir. “Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək bizim üçün qürurvericidir. Bəzi tələbələrin səsində yaş xüsusiyyətləri ilə bağlı dəyişikliklər müşahidə olunur. Belə hallarda onların səslərinin tam formalaşmasını gözləyir, konsert proqramlarına tələsmədən cəlb edirik. Ümumilikdə tələbələrimizin hazırlığından və əldə etdikləri nəticələrdən çox razıyıq”, -deyə S.İbayev əlavə edib.