Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
Oğuz, 16 iyun, AZƏRTAC
Son vaxtlar sahibsiz itlərin insanlara, xüsusən də azyaşlılara hücum etməsi xəbərlərinə tez-tez rast gəlirik. Görülən tədbirlərə baxmayaraq, bəzi bölgələrdə bu heyvanların sayının artması həm sakinlər üçün təhlükə yaradır, həm də heyvanların küçələrdə ac-yalavac, xəstə halda qalmasına səbəb olur. Bu baxımdan sahibsiz heyvanlar üçün sığınacaqların yaradılması sadəcə sosial layihə deyil, həm də mühüm humanist addımdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən ilə kimi Oğuz şəhərinin mərkəzində də itlərin insanlara hücumu və xəsarət yetirməsi hallarına ayda bir neçə dəfə təsadüf olunurdu. Hazırda isə bu məsələ mərhələli şəkildə həllini tapır. Belə ki, şəhər kənarında sahibsiz heyvanlar üçün “Yuva” sığınacağı təşkil edilib və küçələrdəki itlər yığılaraq buraya yerləşdirilir.
Bu sığınacaq artıq bir ilə yaxındır fəaliyyət göstərir. Rayon Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin əməkdaşı Aydın Osmanov hər gün səhər tezdən sığınacağa gələrək heyvanların qidalanmasını və baxımını həyata keçirir. Bildirir ki, əvvəllər insanlara hücum edən aqressiv itlər indi tamamilə ram olublar: “Əvvəllər itləri şəhərin küçə və parklarından sadəcə qovmaqla məşğul idik. Bu isə heç bir fayda vermirdi, əksinə, heyvanlar daha da aqressivləşirdi. İndi isə tamam başqa mənzərə var. İtləri gündə iki dəfə yemləyirik. Onlar artıq məni görən kimi sakitləşirlər”.
Digər baxıcı Pərvin Seyidov da illər öncə iş zamanı küçə itlərinin hücumuna məruz qaldığını xatırladır. O, sığınacaqda fərqli və təhlükəsiz mühitin yaradıldığını, itlərin cinslərinə, cinsiyyətinə və xüsusiyyətlərinə görə ayrı-ayrı məkanlarda saxlanıldığını qeyd edir.
Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin rəis müavini Ramin Musayev bildirib ki, ilkin mərhələdə şəhər və ətraf ərazilərdən sığınacağa 50 it gətirilib, hazırda isə onların sayı 60-a çatır: “Buradakı heyvanlar əsasən məktəblərin, uşaq bağçalarının, xəstəxananın, avtovağzalın və ictimai binaların ətrafından toplanıb. Onların böyük əksəriyyəti qoca və xəstə heyvanlardır ki, ətrafa yoluxucu xəstəliklərin yayılması təhlükəsi yaradırdı. Sığınacağımız iki hissədən ibarətdir: erkək itlər bir tərəfdə, dişi itlər isə balaları ilə birlikdə digər tərəfdə saxlanılır. Heyvanların gündə iki dəfə qidalanması təmin edilir, daimi suyu verilir”.
R.Musayevin sözlərinə görə, şəhərin məhəllə və küçələrində, məişət tullantıları qutularının yanında sahibsiz itlərin qidalanması üçün xüsusi qablar yerləşdirilib. Sakinlər də evlərindəki artıq qidaları bu qablara atmaqla layihəyə dəstək olurlar.
Qeyd edilib ki, aidiyyəti qurumlar tərəfindən hazırda itlərin tutulması, vaksinasiyası və sterilizasiyası uğurla həyata keçirilir. Görülən kompleks tədbirlər nəticəsində ötən bir ildə Oğuz şəhəri və ətraf yaşayış məntəqələrində sahibsiz itlərin insanlara hücum etməsi faktı qeydə alınmayıb.
Müxbir - Rasim İslamoğlu