Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
Bakı, 16 iyun, AZƏRTAC
Ölkələr arasında halal sənaye parklarını birləşdirən qlobal halal şəbəkənin yaradılması çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Malayziyanın “ENSTEK Halal Park”ında “Tabung Haji Properties” şirkətinin baş icraçı direktoru Mohd İsmadi İshak İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal sənaye zonaları – Qabaqcıl halal ekosistemin inkişafı” adlı sessiyada çıxışı zamanı deyib.
“Bu, üzv ölkələr arasında əməkdaşlığı gücləndirəcək və qlobal halal iqtisadiyyatın inkişafına mühüm töhfə verəcək. Biz öz fəaliyyətimizdə innovasiyaları təşviq etməyə və mövcud aktivlərin səmərəli idarə olunmasına xüsusi diqqət yetiririk. Məqsədimiz yalnız fiziki infrastrukturu yaratmaq deyil, eyni zamanda, həmin infrastrukturu rəqəmsal həllər və effektiv idarəetmə sistemləri vasitəsilə daha səmərəli fəaliyyət göstərən ekosistemə çevirməkdir. Bir ölkənin sənaye parkı müəyyən xammal və ya komponentlər təmin edə bilər, digər ölkədəki istehsalçılar isə həmin resurslardan istifadə etməklə qlobal bazarlar üçün məhsullar yarada bilərlər. Fikrimcə, burada əsas diqqət yalnız fiziki infrastruktura deyil, həm də proqram təminatına – yəni əməkdaşlıq mexanizmlərinə, rəqəmsal əlaqələrə, bilik mübadiləsinə və idarəetmə sistemlərinə yönəlməlidir. Çünki ən müasir infrastruktur belə effektiv idarəetmə və güclü şəbəkə olmadan tam potensialını göstərə bilməz”, - deyə o qeyd edib.
Fotoqraf - İlkin Cavanşirov