Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir
Berlin, 16 iyun, AZƏRTAC
Bildiyiniz kimi, Bonn sessiyaları COP-dan sonra həm iştirakçıların tərkibinə, həm də təmsil olunduqları müxtəlif seqmentlərin genişliyinə görə ən mühüm beynəlxalq platformalardan hesab olunur. Leyla Əliyevanın təşəbbüsü ilə məhz bu platformada ilk dəfə Xəzər dənizinin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan mediasına müsahibəsində deyib.
Tədbirə böyük maraq olduğunu vurğulayan nazir müavini bildirib: “Burada həm Xəzəryanı ölkələrin nümayəndələri, həm də BMT-yə üzv digər dövlətlərin təmsilçiləri iştirak edirdilər. Bu tədbirin ən böyük əhəmiyyəti, ilk növbədə, Xəzər dənizi və onun üzləşdiyi ekoloji problemlərlə bağlı məsələlərə beynəlxalq diqqətin cəlb olunmasıdır. Digər tərəfdən, tədbir çərçivəsində Xəzər dənizi ilə bağlı gələcəkdə irəli sürülə biləcək təşəbbüslər barədə müxtəlif fikirlər səsləndirildi. Bu ideyalar həm IDEA İctimai Birliyi, həm də Azərbaycan hökuməti tərəfindən gələcək fəaliyyət çərçivəsində nəzərə alına bilər”.