Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib
Bakı, 16 iyun, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasının dəvəti ilə “Xalq çalğı alətləri” ifaçılığı üzrə keçirilən Dövlət İmtahan Komissiyasına sədrlik edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tarzən bu mövzuda təəssüratlarını bölüşərək, belə məsuliyyətli missiyanın ona həvalə olunmasını böyük etimad və yüksək qiymətləndirmə kimi dəyərləndirib.
O bildirib ki, vaxtilə Azərbaycanın görkəmli bəstəkarları və ifaçıları bu mühüm vəzifəni yerinə yetirərək gənc musiqiçilərin obyektiv qiymətləndirilməsinə töhfə veriblər.
Qeyd edək ki, dörd gün davam edən imtahanlar zamanı 60-a yaxın tələbənin çıxışı dinlənilib və onların hər biri istedadı, hazırlıq səviyyəsi və ifaçılıq bacarıqlarına uyğun şəkildə obyektiv qiymətləndirilib. Verilən qiymətlər konservatoriyanın müəllim heyəti və kafedra tərəfindən müsbət qarşılanıb. İmtahanların diqqətçəkən məqamlarından biri tələbələrin repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinin geniş yer alması olub. Xüsusilə Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Tofiq Bakıxanov və digər Azərbaycan bəstəkarlarının əsərləri tələbələr tərəfindən uğurla ifa edilib. Bu hal Azərbaycan musiqi irsinə göstərilən maraq və hörmətin bariz nümunəsi kimi qiymətləndirilib.
Həmçinin Özbəkistan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının muzeyində muzeyin açılış mərasimindən sonra keçirilən ilk rəsmi tədbir məhz Sahib Paşazadənin ustad dərsi olub. Ustad dərsində əfqan rubabı, kaşkar rubabı və digər xalq çalğı alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin interpretasiyası ətraflı təhlil edilib. İştirakçılara əsərin bədii obrazının açılması, ifa üslubu, melizmlərin tətbiqi, mizrab texnikası, applikatura və digər incə ifaçılıq xüsusiyyətləri barədə geniş məlumat verilib.
Tədbirdə, eyni zamanda, ifaçı, bəstəkar və dinləyici arasında olan yaradıcı əlaqələr, texniki hazırlığın bədii ifadəyə təsiri və musiqi əsərlərinin səhnə təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb. Ustad dərsi müəllim heyəti, tələbələr, kafedra rəhbərliyi və universitet rəhbərliyi tərəfindən böyük maraq və razılıqla qarşılanıb.
Tədbirin sonunda Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyası tərəfindən Dövlət İmtahan Komissiyasının sədri kimi fəaliyyətinə və keçirdiyi ustad dərsinə görə Özbəkistanın milli geyimi, Təşəkkür məktubu, həmçinin xüsusi sertifikatla təltif olunub.