Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan dayanıqlı maliyyə sisteminin formalaşdırılması və yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən 8-ci SDG Dialoqu: “Davamlı İnkişaf üçün İnnovativ Maliyyələşmə – Yardımdan və Ənənəvi Rəsmi İnkişaf Yardımından (ODA) kənar yanaşmalar” adlı sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkədə dayanıqlı və inklüziv iqtisadi artımın təşviqi məqsədilə həyata keçirilən islahatlar, Dayanıqlı Maliyyə Yol Xəritəsinin icrası və milli yaşıl taksonomiyanın hazırlanması maliyyə sisteminin ekoloji və sosial meyarlarla uyğunlaşdırılması üçün möhkəm zəmin yaradıb. N.Hayat Azərbaycanın strateji coğrafi mövqeyinə də diqqət çəkərək bildirib ki, ölkə Mərkəzi Asiya və Qafqaz regionları arasında investisiya, ticarət maliyyələşdirilməsi və transmilli kapital axınları üçün mühüm platformaya çevrilə bilər.
“COP29-a uğurlu ev sahibliyi Azərbaycanın yaşıl inkişaf gündəliyinin təşviqinə mühüm töhfə verib. Azərbaycan əldə etdiyi təcrübəni digər dövlətlərlə bölüşmək imkanlarına malikdir”,- deyə o vurğulayıb.