İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanın tarixi torpaqlarında otuz ilə yaxın davam edən işğal dövründə mədəni və dini irsin silinməsi məqsədilə ermənilər tərəfindən sistemli və məqsədyönlü siyasət həyata keçirilib. Rəsmi qurumların hesabatlarına və beynəlxalq monitorinqlərin nəticələrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan 67 məsciddən 65-i tamamilə dağıdılıb və ya yararsız vəziyyətə salınıb. Bundan əlavə, 900-dən çox qəbiristanlıq, 4600-dən artıq tarixi, mədəni və dini abidə vandalizmə məruz qalıb. Məlumata görə, işğal dövründə 22 muzey talan edilib, 100 mindən çox nadir eksponat və sənət nümunəsi oğurlanaraq xaricə aparılıb və ya məhv olunub.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı məlumat verib. Onun sözlərinə görə, Ermənistanın həyata keçirdiyi siyasət təkcə fiziki dağıntılarla məhdudlaşmayıb, eyni zamanda, müsəlman dünyasının dini dəyərlərinə qarşı mənəvi təhqir xarakteri daşıyıb.
Rizvan Qarabağlı bildirib ki, işğaldan azad edilmiş şəhər və kəndlərdə məscidlər donuz və iribuynuzlu mal-qaranın saxlanılması üçün tövlə kimi istifadə olunub. Bu faktlar xarici jurnalistlər və beynəlxalq ekspertlər tərəfindən sənədləşdirilib.
Onun sözlərinə görə, belə hallara təkcə Ağdam Cümə məscidində deyil, həmçinin Zəngilan rayonunun Məmmər kənd məscidində, Füzuli və Cəbrayıl rayonlarındakı bir sıra dini ibadət ocaqlarında rast gəlinib. Məscidlərin divarlarına təhqiredici ifadələr yazılıb, daxili strukturları isə tamamilə dağıdılıb.