Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib
Bakı, 16 iyun, AZƏRTAC
Qırğızıstanın müstəqil və dövlət ekoloji ekspertizaları ölkədə keçiriləcək UIM F1H2O (suda Formula 1) üzrə dünya çempionatının İssık-Kul gölü akvatoriyasına göstərə biləcəyi təsiri qiymətləndirib.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Dövlət Turizm İnkişaf Agentliyinin direktoru Eduard Kubatov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu cür yüksək səviyyəli beynəlxalq idman tədbirləri üçün ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması məcburi tələb deyil. Buna baxmayaraq, ictimaiyyət arasında yaranan suallar və narahatlıqlar nəzərə alınaraq əlavə ekoloji tədqiqatlar həyata keçirilib.
“UIM F1H2O kimi yüksək səviyyəli yarışlar üçün ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmur. Lakin ictimaiyyət arasında ekoloji məsələlərlə bağlı yaranmış narahatlıqları nəzərə alaraq, müstəqil təşkilatların və dövlət qurumlarının iştirakı ilə ekoloji ekspertiza apardıq. Biz bunu məhz ekoloji mövzu ilə bağlı narahatlıqlara görə etdik”, – deyə E.Kubatov bildirib.
O vurğulayıb ki, aparılan araşdırmaların nəticələrinə əsasən, çempionat İssık-Kul gölünün ekosisteminə ciddi mənfi təsir göstərməyəcək.
Xatırladaq ki, suda Formula 1 üzrə dünya çempionatı iyulun 31-dən avqustun 2-dək İssık-Kul rayonunun Bayetov kəndində keçiriləcək. Yarışlarda dünyanın müxtəlif ölkələrindən 25 idmançının iştirakı gözlənilir. Yarışlar 100 ölkədə canlı yayımlanacaq ki, bu da Qırğızıstanın və İssık-Kulun turizm potensialını beynəlxalq auditoriyaya təqdim etməyə imkan verəcək.